AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
İLƏ AZƏRBAYCAN TƏHSİL İŞÇİLƏRİ AZAD HƏMKARLAR
İTTİFAQI RESPUBLİKA KOMİTƏSİ ARASINDA BAĞLANMIŞ
KOLLEKTİV SAZİŞ (2021-2023-cü illər üzrə)
I. Ümumi müddəalar
1.1. Bu sahə Sazişi (bundan sonra: Saziş) təhsil sahəsinin sosial-iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, təhsil işçiləri üçün əmək şəraiti və əməkhaqqı, sosial təminatları və əlavə imtiyazları müəyyən etmək məqsədilə imzalanır.
1.2. Sazişin tərəfləri (bundan sonra: Tərəflər) aşağıdakılardır:
Azərbaycan Respublikası Təhsil Nazirliyi və onun tabeliyində olan müəssisələr (bundan sonra: İşəgötürən), digər tərəfdən, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (bundan sonra: Respublika Komitəsi) və onun xidmətində olan üzv təşkilatlar.
1.3. Tərəflər razılaşırlar ki:
1.3.1. Müəssisələrdə bağlanan kollektiv müqavilələrdə əmək qanunvericiliyi və bu Sazişlə müəyyən edilmiş hüquqları məhdudlaşdıran şərtlər yolverilməzdir.
1.3.2. Saziş qüvvədə olduğu müddətdə tərəflər mövcud qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşmaya əsasən ona əlavə və ya dəyişikliklər edə bilərlər;
1.3.3. Sazişin şərtləri Tərəflər və onun aid edildiyi müəssisələr üçün məcburidir. Tərəflərdən birinin yenidən təşkili və ya hüquqi statusunun dəyişdiyi hallarda bu Saziş üzrə hüquq və vəzifələr onların hüquqi varislərinə keçir və yeni Saziş bağlanana qədər qüvvədə saxlanılır.
1.3.4. Saziş imzalandığı gündən qüvvəyə minir və 2021-ci ilin iyul ayının
05-dən 2023-cü ilin iyul ayının 05-dək qüvvədədir.
Saziş qüvvəyə mindiyi gündən on gün müddətində ''Azərbaycan müəllimi'' qəzetində çap olunur.
II. Təhsil işçilərinin və təhsil alanların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində Tərəflərin birgə öhdəlikləri
2.1. Tərəflər arasında qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və bu Saziş vasitəsilə tənzimlənməsinə çalışmaq;
2.2. Azərbaycan Respublikasında təhsilin inkişafı üçün təhsil müəssisələrini müasir tələblərə cavab verən pedaqoji kadrlarla təmin etmək, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəltmək, keyfiyyəti artırmaq, təhsil müəssisələrinin maddi-texniki bazasını gücləndirmək və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilən islahatların həyata keçirilməsi yolu ilə nail olmaq;
2.3. Sazişlə müəyyən edilmiş vəzifələrin və öhdəliklərin həyata keçirilməsinə, təhsil müəssisələrində bağlanmış kollektiv müqavilələrin müddəalarının yerinə yetirilməsinə nəzarət etmək;
2.4. Təhsil sahəsinin inkişafı məqsədilə dövlət proqramlarının, o cümlədən təhsilin inkişafı üzrə Dövlət Strategiyası və “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilən hədəflərin yerinə yetirilməsi, təhsil işçilərinin, təhsilalanların əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, təhsil müəssisələrinin normativ–hüquqi bazasının təkmilləşdirilməsi və sosial əhəmiyyətli məsələlərin həllində əməkdaşlıq etmək;
2.5. Təhsil işçilərinin əmək, maddi, sosial-məişət şəraiti, təhlükəsizliyi, özləri və ailə üzvlərinin rifah halının yaxşılaşdırılması üçün birgə tədbirlər görmək;
2.6. Təhsil işçilərinin hüquqi biliklərinin artırılması məqsədilə yerlərdə işəgötürən və işçilərin iştirakı ilə müntəzəm olaraq seminarların keçirilməsini təmin etmək;
2.7. Təhsil Nazirliyi və Respublika Komitəsi tərəfindən 30 iyun 2010-cu il tarixdə təsdiq edilmiş ümumtəhsil məktəbləri üçün müəssisədaxili intizam qaydalarının şərtlərinə əməl edilməsinə nəzarət etmək;
2.8. Gənclərin məşğulluğunun təmin edilməsi, onların əmək və həyat şəraitinin yaxşılaşdırılmasını və sosial müdafiəsinin gücləndirilməsini dəstəkləmək məqsədilə əmək bazarında onların layiqli yer tutmaları üçün müvafiq qurumlarla birgə iş aparmaq;
2.9. Ali, orta ixtisas, peşə təhsili və ümumi təhsil müəssisələrində təhsilalanlara hüquqi biliklərinin artırılması məqsədilə əmək qanunvericiliyinin əsasları üzrə mühazirələrin oxunmasına nail olmaq;
2.10. Əmək bazarının tələbatına uyğun kadrların hazırlanması üçün “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq peşə təhsili, eləcə də orta ixtisas təhsili pillələrində islahatların həyata keçirilməsi istiqamətində birgə fəaliyyət göstərmək;
2.11. Ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının qarşısının alınması məqsədilə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyalar yaratmaq və bu işə ciddi nəzarət etmək;
2.12. Gənclər siyasəti sahəsində “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda müəyyən edilən hədəflərin yerinə yetirilməsi, onların işğaldan azad edilmiş bölgələrdə və kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar sisteminin təkmilləşdirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, təhsilalanların, gənc işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində birgə işləri davam etdirmək;
2.13. Müəssisənin bağlanması ilə bağlı işçilərin kütləvi surətdə işdən azad edilməsi hallarının, eləcə də işdən çıxarılma hallarının qarşısının alınması üçün birgə tədbirlər görmək.
2.2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin öhdəlikləri:
2.2.1. «Təhsil haqqında», “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunlarına və digər normativ aktlara uyğun olaraq təhsil müəssisələrində çalışan pedaqoji işçilərin ixtisaslarının artırılması və yenidən hazırlanması məqsədilə müvafiq tədbirlər görmək;
2.2.2. Təhsil işçilərinin və təhsilalanların əmək, sosial, iqtisadi hüquqlarına və mənafelərinə aid olan normativ aktları Respublika Komitəsi ilə razılaşdırmaqla qəbul etmək;
2.2.3. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işdən azad olunan işçilərin digər təhsil müəssisələrində işlə təmin olunmasına yardım göstərmək;
2.2.4. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin siyahısına yaşa görə pensiyaya çıxmasına bir il qalanları, uşaqları anadangəlmə və ya körpəlikdən əlil olan valideynlərini daxil etmək;
2.2.5. Respublika Komitəsi rəhbərliyinin və ya onun nümayəndəsinin Təhsil Nazirliyinin Kollegiya iclaslarında, müvafiq komissiyalarda və digər tədbirlərdə iştirakın təmin etmək;
2.2.6. Müəssisə rəhbərlərinin qanunvericiliyə və kollektiv saziş və müqavilənin şərtlərinə zidd olan əmrinin (qərarının, sərəncamının) Respublika Komitəsinin rəsmi müraciəti əsasında dayandırılmasını və ya ləğv edilməsini təmin etmək.
2.3. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin öhdəlikləri:
2.3.1. Təhsil müəssisələrində çalışan işçilərin, təhsilalanların mənafelərini müvafiq dövlət strukturlarında müdafiə etmək, onların əmək, sosial, iqtisadi və digər hüquqlarının qorunmasını təmin etmək;
2.3.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarını normativ-hüquqi sənədlərlə təmin etmək, yaranmış fərdi və kollektiv əmək mübahisələrinin həllində təşkilat üzvlərinə əməli köməklik göstərmək;
2.3.3. Müəssisə rəhbərləri tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulduqda və qüvvədə olan Sazişin (müqavilənin) şərtləri yerinə yetirilmədikdə, onların intizam məsuliyyətinə cəlb edilməsi barədə səlahiyyətli orqanlar qarşısında məsələ qaldırmaq;
2.3.4. Təhsil işçilərinin və təhsilalanların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilə bağlı qüvvədə olan qanunvericiliyə əlavələrin və müvafiq normativ-hüquqi aktların qəbul edilməsi barədə dövlət orqanlarına təkliflərlə müraciət etmək;
2.3.5. Müəssisə rəhbərləri tərəfindən əmək qanunvericiliyinə və işçilərin əmək fəaliyyəti ilə əlaqədar qüvvədə olan normativ-hüquqi aktlara riayət olunmasına nəzarət etmək;
2.3.6. Təhsildə və kollektivin ictimai həyatında fərqlənən ali, orta ixtisas təhsili və peşə təhsili müəssisələrinin tələbələrinə tələbə həmkarlar ittifaqı komitəsinin təqdimatı əsasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdlərini vermək.
III. Əmək münasibətləri, əməkhaqqı və əmək normaları, iş və istirahət vaxtı sahəsində
3.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin öhdəlikləri:
3.1.1. İşəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ləğv edilməsi zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etmək və qanunvericiliyə uyğun olaraq müvafiq həmkarlar ittifaqı komitəsinin bu işə nəzarət etməsinə şərait yaratmaq;
3.1.2. Təhsil işçilərinin və təhsilalanların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi zamanı sahə həmkarlar ittifaqı komitəsinin səlahiyyətli nümayəndələrinə hər cür şəraitin yaradılmasını təmin etmək;
3.1.3. Təhsil müəssisələrində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının nəzdində yaradılmış fərdi əmək mübahisələrinə baxan komissiyaların qərarlarının yerinə yetirilməsini təmin etmək;
3.1.4. Təhsil müəssisələrində çalışan həmkarlar ittifaqı üzvlərinin işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə işçi əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilərkən müəssisənin həmkarlar ittifaqı komitəsinin qabaqcadan razılığını almaqla həyata keçirmək, müvafiq həmkarlar ittifaqı komitəsinin sədrinin isə yuxarı həmkarlar ittifaqı orqanının razılığı əsasında tutduğu vəzifədən azad edilməsini təmin etmək;
3.1.5. Təhsil müəssisəsinin rəhbərləri əmək qanunvericiliyinin tələblərini, Saziş (kollektiv müqavilə) əsasında götürdüyü öhdəlikləri ciddi şəkildə pozduqda, Respublika Komitəsinin, eyni zamanda rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitəsinin tələbinə əsasən onların intizam məsuliyyətinə cəlb olunmasını təmin etmək;
3.1.6. Təhsil müəssisələrində müvafiq həmkarlar ittifaqı komitəsinin razılığı əsasında işçilərin əməyinin tarifləşdirilməsini, onların iş rejimini, qaydalarını, əmək normalarını, o cümlədən dərs bölgüsünü təsdiq etmək;
3.1.7. Təhsil işçilərinin səhhəti, ailə vəziyyəti və digər səbəblərlə əlaqədar qanunvericilikdə müəyyən edilmiş ödənişsiz məzuniyyətin müvafiq həmkarlar ittifaqı komitəsinin rəyi əsasında verilməsini təmin etmək;
3.1.8. Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, onların ixtisaslarına, tutduğu vəzifəyə (peşəyə) uyğun olmasının müəyyən edilməsi məqsədilə qanunvericiliklə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək;
3.1.9. Ali və orta ixtisas təhsili müəssisələrində çalışan işçilərə büdcədənkənar gəlirlər hesabına aylıq əməkhaqqına əlavələrin artırılmasını müvafiq həmkarlar ittifaqı komitəsinin ştatlı işçilərinə də şamil etmək;
3.1.10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 185 nömrəli qərarına uyğun olaraq müəssisədə çalışan III qrup əlillərin əməkhaqqına (tarif dərəcəsinə) digər işçilərə nisbətən 15%, I və II qrup əlillərin əməkhaqqına isə 25% artırmanı ərizə ilə müraciət etdiyi tarixdən təmin etmək;
3.1.11. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.5-ci maddəsinə uyğun olaraq, təhsil müəssisələrində işəgötürənlə işçi arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi halda, həmin işçi ilə müddətsiz əmək müqaviləsinin bağlanmasını təmin etmək;
3.1.12. 65 yaşına çatmış işçinin müəssisədə çalışma müddətinin müvafiq dövlət orqanının rəhbəri tərəfindən Əmək Məcəlləsinin 10-1.4 və 10-1.5-ci maddəsinin tələblərinə əməl edilməklə baxılmasını təmin etmək;
3.1.13. Əlillik dərəcəsi olan işçilər, həmçinin hamilə, yaşyarımadək uşağı olan qadınlar üçün qısaldılmış iş vaxtı müəyyən etmək və həmin işçilərin əməkhaqlarının normal iş vaxtı üçün müəyyən edilən tam məbləğdə ödənilməsini təmin etmək.
3.1.14. Müvafiq iş ilinin məzuniyyətindən istifadə etməmiş işçinin əmək müqaviləsinə istənilən səbəbdən xitam verilərkən işçinin arzusu ilə həmin iş ili üçün ona məzuniyyətin verilməsini və işçinin əmək müqaviləsinə məzuniyyətin son günü xitam verilməsini təmin etmək.
3.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin öhdəlikləri:
3.2.1. İşçilərin məzuniyyət hüququnun qanunvericiliyə uyğun təmin edilməsinə nəzarət etmək;
3.2.2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin
2-ci hissəsinə əsasən həmkarlar ittifaqı təşkilatlarının nəzdində yaradılmış fərdi əmək mübahisələrinə baxan komissiyaların qərarlarının qanunauyğun olmasına nəzarət etmək;
3.2.3. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə müavinətin düzgün hesablanması və ödənilməsinə nəzarət etmək;
3.2.4. Təhsil müəssisələrində işəgötürənlə işçi arasında qanunvericiliyə uyğun əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ləğv edilməsinə nəzarət etmək;
3.2.5. Təhsil müəssisələrində işəgötürən tərəfindən işçilərin əməyinin düzgün hesablanması və ödənilməsinə nəzarət etmək;
3.2.6. Təhsil müəssisələrində işəgötürən tərəfindən işçilərin əmək fəaliyyəti və həmkarlar ittifaqının Nizamnaməsində nəzərdə tutulan, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasına nəzarət etmək və aşkar edilmiş pozuntuların aradan qaldırılmasını tələb etmək;
IV. Əməyin mühafizəsi sahəsində
4.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin öhdəlikləri:
4.1.1. Əməyin mühafizəsi işinin təşkili, əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə riayət edilməsi məqsədi ilə Təhsil Nazirliyində və onun tabeliyində olan müəssisələrdə əgər ştat cədvəlində nəzərdə tutulmayıbsa, ictimai əsaslarla (əməyin mühafizəsi xidmətinin) yaradılmasını təmin etmək;
4.1.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə məsləhətləşməklə ilin əvvəlində işçilərin əmək şəraitini, təhsil müəssisələrində baş vermiş bədbəxt hadisələrin, peşə və ümumi xəstəliklərin səbəblərinin araşdırılması üçün tədbirlər planının hazırlanmasını təmin etmək;
4.1.3. Əməyin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsi, o cümlədən işçilərin təhlükəsizlik qaydaları ilə təlimatlandırılması, iş yerlərinin attestasiyasının keçirilməsi üçün müəssisənin maliyyə mənbələrindən müvafiq məbləğdə vəsaitin ayrılması üzrə təkliflər vermək;
4.1.4. Təhsil müəssisələrini əməyin mühafizəsi üzrə normativ sənədlərlə təmin etmək;
4.1.5. Əmək şəraiti zərərli, ağır olan işlərdə çalışan işçilərə mövcud qanunvericiliyin tələbləri gözlənilməklə xüsusi geyim, fərdi mühafizə vasitələri verilməsini, eləcə də əlavə əməkhaqqı ödənilməsini təmin etmək;
4.1.6. İşəgötürənlər tərəfindən həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilərin işəgötürənlər tərəfindən bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta olunmalarının təmin edilməsinə nəzarət etmək;
4.1.7. Təhsil müəssisələrində baş vermiş bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirmiş işçiyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müavinətin ödənilməsini təmin etmək;
4.1.8. Əməyin mühafizəsi, bədbəxt hadisələrin və peşə xəstəliklərinin araşdırılması məqsədilə həmkarlar ittifaqı təşkilatları nümayəndələrinin təhsil müəssisələrinə maneəsiz buraxılmasını təmin etmək;
4.1.9. İşçilərin əməkhaqqı saxlanmaqla vaxtaşırı ilkin məcburi tibbi müayinədən keçirilmələrini təmin etmək;
4.1.10. Əməyin mühafizəsi məsələləri üzrə təhsil müəssisə rəhbərlərinin attestasiyasının keçirilməsini təmin etmək;
4.1.11. Sahə üzrə işçilərin əməyin mühafizəsini təmin etmək məqsədilə maarifləndirici materialların və təlimatların hazırlanmasını təşkil etmək;
4.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin öhdəlikləri:
4.2.1. İşəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsi ilə əlaqədar qanunvericiliyə, texniki təhlükəsizlik qaydalarına əməl olunmasına, əməyin mühafizəsi və iş şəraitinin yaxşılaşdırılmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
4.2.2. Müəssisələrdə əməyin mühafizəsinin, əməyin mühafizəsi üzrə kollektiv müqavilənin, müəssisənin təhlükəsizliyi üzrə normativ sənədlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
4.2.3. Təhsil müəssisələrində iş yerlərinin zərərli və təhlükəli amilləri haqqında məlumatları işçilərin nəzərinə çatdırmaq;
4.2.4. Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üçün həmkarlar ittifaqı üzvlərinə praktiki kömək etmək, ittifaq üzvlərinin maraqlarını dövlət hakimiyyəti orqanlarında və məhkəmələrdə təmsil etmək.
V. Mədəni-kütləvi və idman işləri sahəsində Tərəflərin birgə öhdəlikləri:
5.1. Ölkədə aparılan gənclər siyasətinə dəstək olaraq mədəni-kütləvi və idman işləri sahəsində birgə tədbirlərin keçirilməsini davam etdirmək;
5.2. İstedadlı uşaq və gənclərin üzə çıxarılması istiqamətində birgə işləri davam etdirmək;
5.3. Qabaqcıl pedaqoji işçilərin yubileylərinin təşkili və 65 yaşla bağlı əmək müqaviləsinə xitam verilən işçilərin layiqli yola salınmasını təmin etmək;
5.2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin öhdəlikləri:
5.2.1. Təhsil müəssisələrində gender bərabərliyinin gözlənilməsini təmin etmək.
5.2.2. Gənc mütəxəssislərin və müəllimlərin sosial-iqtisadi problemlərinin həlli və peşəkarlıq səviyyələrinin artırılması istiqamətində görülən işləri davam etdirmək;
5.2.3. Ali və orta ixtisas təhsili müəssisələrinin yataqxanalarında yaşayan tələbələrin məişət, iaşə və tibb şəraitlərinin yaxşılaşdırılması və müasir tələblərə uyğunlaşdırılması işlərini davam etdirmək, yeni yataqxana binalarının tikilməsi üçün müvafiq təkliflər vermək.
5.3. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin öhdəlikləri:
5.3.1. Təhsil işçiləri və tələbə-gənclər arasında tarixi günlərin, milli və dövlət bayramlarının, mədəni-kütləvi tədbirlərin təşkili, qabaqcıl pedaqoji işçilərin yubileylərinin keçirilməsini təmin etmək;
5.3.2. Aztəminatlı ailələrdən olan tələbələr üçün pulsuz yeməyin verilməsini davam etdirmək;
5.3.3. Təhsilverənlərin və təhsilalanların asudə vaxtlarının maraqlı və səmərəli keçirilməsini təşkil etmək;
5.3.4. Pedaqoji işçilərin «Əmək veteranı» adı alması üçün onlara müvafiq sənədlərin hazırlanmasında və təqdim edilməsində hərtərəfli köməklik göstərmək.
VI. İşçilərin sağlamlığının mühafizəsi sahəsində
6.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin öhdəlikləri:
6.1.1. Ali təhsil müəssisələrində büdcədənkənar daxilolmalar hesabına yığılmış vəsaitin bir hissəsini əlavə yollayışlar alınmasına yönəltmək;
6.1.2. Ali məktəblərin istirahət bazalarının maddi-texniki təminatının gücləndirilməsi üçün tədbirlərin görülməsinə və həmin istirahət bazalarında tələbə və işçilərin istirahətlərinin təşkil edilməsinə nəzarət etmək;
6.1.3. Təhsilalanların büdcə vəsaiti hesabına peyvənd edilməsi və illik məcburi profilaktik tibbi müayinəsinin keçirilməsinə və tələbə poliklinikalarının fəaliyyəti üçün normal şəraitin yaradılmasının təmin olunmasına nəzarət etmək;
6.1.4. Ali məktəblərin nəzdində fəaliyyət göstərən poliklinikaların müasir avadanlıqlarla təchizatının yaxşılaşdırılmasını, təhsil işçiləri və tələbə gənclərə xidmət göstərmək üçün tibb müəssisələrinin normal fəaliyyətini təmin etmək;
6.1.5. İşləyən qadınlara, doğuşa və uşağa qulluq etməyə görə qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlardan əlavə, doğuşdan sonrakı məzuniyyət bitdikdən sonra zərurət yarandığı hallarda müəyyən edilmiş günlər həcmində öz hesabına, müəssisənin maliyyə imkanı olduqda isə əlavə ödənişlərin verilməsini, hamilə qadınlar üçün onların istəkləri nəzərə alınmaqla iş qrafikinin (rejiminin) tərtib edilməsi üçün digər tədbirlərin həyata keçirilməsini təmin etmək;
6.1.6. Aşağıdakılarla əlaqədar işçilərə müəssisənin maliyyə imkanları daxilində əməkhaqqı saxlanılmaqla işə çıxmamasına razılıq verilməsini təmin etmək;
- uşaq anadan olduqdan sonra ataya – 3 iş günü;
- işçinin toyu olduqda – 5 iş günü;
- yaxın qohumu vəfat etdikdə, yola sərf olunan vaxt nəzərə alınmadan – 3 iş günü.
6.1.7. Tədris ili ərzində işçinin müalicəyə ehtiyacı olduğu zaman ona lazımi köməklik göstərmək, sanatoriya – kurort müalicəsi üçün işçiyə yollayış verildiyi halda, ona ödənişli məzuniyyətin verilməsini təmin etmək.
6.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin öhdəlikləri:
6.2.1. Təhsil sahəsində çalışan ittifaq üzvlərinin sosial müdafiəsini və sağlamlığını daha səmərəli təşkil etmək məqsədilə həmkarlar ittifaqına məxsus istirahət düşərgələrinin, istirahət evlərinin onların istifadəsinə verilməsini təmin etmək;
Kollektivin qərarına əsasən təşkilatda yığılmış və qənaət edilmiş vəsaitin bir hissəsini əlavə yollayışların alınmasına və onların dəyərinin müəyyən faizinin ödənilməsinə, təhsil işçilərinin uşaqlarının düşərgələrdə istirahət etmələri üçün çəkilən xərclərin ödənilməsinə yönəltmək;
6.2.2. Təhsil müəssisələrində çalışan ittifaq üzvü olan əmək veteranlarına təşkilatın maliyyə imkanları daxilində hər il birdəfəlik maddi yardım göstərmək;
6.2.3. Əmək əlillərinə əlavə güzəştlərin və kompensasiyaların təyin edilməsinə nəzarət etmək;
6.2.4. Müəssisə və təşkilatlarda çalışan işçilərin sağlamlıqlarının mühafizəsinə nəzarəti təmin etmək;
6.2.5. Təhsil sistemi üzrə dövlət qulluqçularının icbari tibbi sığorta olunması üçün lazımi tədbirləri görmək.
VII. Həmkarlar ittifaqı təşkilatlarının normal fəaliyyəti üçün şərait
yaradılması sahəsində Tərəflərin birgə öhdəlikləri:
7.1. Müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatı üçün normal iş şəraiti yaratmaq, təhsil müəssisələrində çalışan və təhsil alan ittifaq üzvlərinin sosial-iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə müəssisənin imkanlarından səmərəli istifadə etmək;
7.2. Həmkarlar İttifaqı üzvlərindən tutulmuş aylıq üzvlük haqqının vaxtlı-vaxtında həmkarlar təşkilatlarının müvafiq hesablarına köçürülməsini təmin etmək;
7.3. Təhsil Nazirliyinin və onun tabeliyində olan müəssisələrin balansında olan, yaxud icarəyə götürdüyü binaları, otaqları və başqa obyektləri iclaslar, yığıncaqlar və digər tədbirlərin keçirilməsi üçün pulsuz olaraq həmkarlar ittifaqı təşkilatlarının istifadəsinə verilməsini təmin etmək;
7.4. Tabeliyində olan müəssisələrdə istifadə olunmayan nəqliyyat və rabitə vasitələrini həmkarlar ittifaqı komitəsinin müvəqqəti istifadəsinə pulsuz verməklə, nəqliyyat, rabitə və kommunal xərclərini vaxtında ödəmək;
7.5. Seçkili orqanlara seçilməklə əlaqədar ilk həmkarlar ittifaqı komitələrinin üzvlərinə öz vəzifə borclarını yerinə yetirmək üçün (həmkarlar ittifaqı təşkilatlarının yığıncaqları, forumları, konfrans və qurultaylarında iştirak etmək üçün) əməkhaqqını saxlamaqla icazə vermək;
7.6. Həmkarlar ittifaqı təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş fəaliyyətləri və hüquqlarının məhdudlaşdırılmasına yol verməmək, Təhsil Nazirliyinin tabeliyində olan müəssisə və təşkilatlarda həmkarlar ittifaqı komitələrinin yaradılmasına, otaqla təmin olunmasına və normal fəaliyyət göstərməsinə şərait yaratmaq;
7.7. Həmkarlar ittifaqı orqanına seçilmiş nümayəndənin səlahiyyət müddəti bitdikdə və ya o, bu orqana təkrar seçilmədikdə, ona seçkiyəqədərki tutduğu vəzifə, ya da ona uyğun iş təklif etmək, bu mümkün olmadıqda isə işçinin razılığı ilə ona başqa iş təklif etmək;
7.8. Həmkarlar ittifaqı orqanlarının tərkibinə yenidən seçilməmiş işçilərin attestasiyadan keçməsinə bir il möhlət vermək.